Cıdır meydanı. Bir zamanlar bura yarış, qladiator döyüşləri, əyləncə mərasimlərinin keçirildiyi meydan idi. Cıdır meydanı həmçinin ilk idman azarkeşləri adlandıra biləcəyimiz qiyamçıların sevimli məkanı idi. Cıdır meydanında yarışlardan sonra baş verən qiyamlar yanğın və şəhərin qarət olunması ilə yekunlaşırdı.
Konstantinopolun osmanlılar tərəfindən işğalından sonra, Cıdır meydanı xalq aqressiyasının sıçradığı yer statusunu itirmişdir.
Cıdır meydanında hər zaman ən dəyərli tarixi artefaktlar yer almışdır. Bu gün Cıdır meydanı (və ya Əhmədiyyə) Luksordan olan Misir obeliski, Konstantin obeliski, Delfdən olan İlan sütunu və şəhərə kayzer II Vilhelm tərəfindən hədiyyə edilmiş Alman fəvvarəsindən ibarətdir. Dördüncü səlib yürüşünədək Cıdır meydanını 1204-cü ildə Konstantinoplodan çıxarılaran və günümüzədək Venesiyada saxlanılan Müqəddəs Markın məşhur arabası bəzəyirdi.
İstanbulun ən mühüm abidələri ilə əhatələnmiş Cıdır meydanı adətən şəhər üzrə tarixi səyahətin başlanğıc nöqtəsinə çevrilir.
Yerebatan su anbarı. Bazilika sisterni ecazkar abidədir. İstanbulda onlarla yeraltı su anbarları aşkar edilmişdir, lakin aralarında ən iri və yaxşı vəziyyətdə saxlanılmışı Erebatandır.
Su anbarının tikintisi iki yüz ildən də çox bir müddətə davam etmişdir və imperator I Yustinianın hakimiyyəti dövründə yekunlaşmışdır. Müxtəlif antik məbədlərdən olan sütunlar sisternin qövsvari tavanını saxlayır. Divarların hörgüsündə su və oda davamlı kərpicdən istifadə olunmuşdur. Hətta uzun yüzilliklər boyu baxımsızlıq və güclü zəlzələlərdən sonra belə Erebatan su anbarı mükəmməl vəziyyətdə saxlanılmışdır.
Muzeyə giriş Sultanahmet rayonunun mərkəzində yerləşir. Sıradan bir bina Bazilika sisterninin sirli ərazisini özündə gizlədir: əsrarəngiz işıqlandırma, təmiz suda üzən şəffaf balıqlar, Qorqonların başları və dilək sütunu – bütün bunlar qədim Bizans dövrünün tikilisində nağıla bənzər atmosfer yaradır.
Topqapı sarayı. Demək olar ki, dörd yüz il Osman soltanlarının iqamətgahı Topqapı sarayı olmuşdur. Sultanlara dəbdəbəli həyatın təmin olunması üçün tələb olunan hər şeylə təchiz olunmuş Saray kompleksi özlüyündə bütün bir rayonu təşkil edirdi. Muzeydə hər bir zal, hər bir eksponat – zəngin tarixə malik qiymətli sənət əsərləridir. Topqapı sarayında görəcəyiniz hər bir şey – qızılın ilıq parıltısı, nəhəng almazların əlvan axını, ecazkar inkrustriv mebel, qiymətli əşyalar, parad silahlarının kolleksiyası və geyim – sizləri öz dəbdəbəliyi ilə heyran edəcək. Ecazkar pavilyonlar, Bosfor və İstanbulun ən gözəl mənzərələri birgə təbii sərvət və insan yaradıcılığının harmonik ansamblını təşkil edir.
Topqapı sarayında Osmanlı imperiyasının yalnız dünyəvi və hərbi tarix artefaktları yox, həmçinin bütün müsəlman dünyası üzrə soltanlar tərəfindən toplanmış islam dininə aid obyektlər də təqdim olunmaqdadır.
Aya Sofya. Aya Sofya – Anadolu ərazisində və Osmanlı imperiyasının bir çox ərazisində bütün məscidlərin tikintisi üçün nümunəyə çevrilən xristian məbədidir. Konstantinopolu ələ keçirdikdən sonra Mehmet Fateh ilk növbədə şəhərin simvolu olan Aya Sofyaya yol almışdır. At üzərində məbədin ərazisinə daxil olaraq müsəlman osmanlı soltanı gördüyü mənzərənin möhtəşəmliyi və ecazkarlığından heyran qalaraq atdan enmişdir. Xristian məbədlərinə qarşı hörmət, onların bütpərəst abidələrinin qalıqları kimi dağıdılmasında yox, məscidə çevrilmələrində özünü büruzə verir. Lakin dəyişilməyən bir qayda var idi ki, insan təsviri olan bütün görüntülər suvaqla örtülürdü. Bu qayda Aya Sofyada da keçərli idi. Pravoslav və katolik kilsə, ardınca müsəlman məscidi olduqdan sonra, Aya Sofya muzeyə çevrilmiş və bütün mozaika və freskalar yenidən bərpa edilmişdir. Bu gün Məryəm Ana, İsa və digər müqəddəslərin görüntüləri ərəb liqaturası və Məkkə tərəfə yönəlmiş mehrabla eyni məkanı paylaşır.
Günbəz və yarı-günbəzlərin qübbəsi, divar ornamentləri, rəsmlərlə bəzədilmiş pəncərələr, antik məbədlərdən gətirilmiş qeyri-adi sütunlar – Aya Sofya həm xristian, həm müsəlman, həm də tarix, mədəniyyət və incəsənətə biganə olmayan hər bir insanı özünə cəlb edir.
Göy məscid. Sultanehməd və ya Göy məscid – İstanbulun bu simvolu bütün dünyaya məşhurdur. İstanbul və imperiyanın bir çox şəhərlərinə mükəmməl memarlıq abidələri bəxş etmiş Memar Sinanın dövründən sonra hərbi və maddi uğursuzluqlar erası başladı. Nəticədə, ictimai binaların tikintisi tamamən dayanmışdı.
Lakin gənc türk soltanı I Əhməd öncəki nəsillərin yaratdığı mükəmməl abidələri kölgədə qoyacaq məscidin tikilməsi haqda qərar qəbul etdi.
Sultan Əhməd həmçinin məsciddə dörd minarədən çox minarənin ucaldımasına qadağa qoyan qanunu da pozdu. Müsəlman dünyası soltana qınadıqda isə, soltan bildirdi ki, bu ona verilən göstərişləri yanlış anlayan memarın xətasıdır.
Lakin buna baxmayaraq altı minarəli kompleksin gözəlliyi bütün bu qadağaların pozulmasına dəyərdi. Həndəsə və memarlığın harmoniyası, məscidin öz forması ilə minarələrin perspektiv məsafəsi ideal siluet yaradır. Aya Sofya və Sultanahmet məscidinin ansamblı qeyri-adi şəhərin Bosfor sahillərində yerləşmiş estetik, mədəni və dini idilliyasının nümunəsidir.
Bosfor boyunca gəzinti. Və nəhayət sıra Bosfora çatdı. Uzun yüz illər boyunca Bosfor boğazı Avropa dövlətləri arasında münaqişə səbəbi olaraq qalmışdır. Boğaz üzərində nəzarət qüdrət və mütləq hakimiyyətin zəmanəti idi və buna görə sonsuz müharibə və münaqişələrin ardı-sırası XX əsrə kimi dayanmaq bilmirdi.
Bu gün Bosfor müasir həyatın axınına mükəmməl şəkildə uyğunlaşan tarixin şahididir. Şəhər nəqliyyatı funksiyasını yerinə yetirən bərələr, nəhəng laynerlər, balıqçı və ticarət gəmiləri boğazın sahilləri arasında dövr edir. Bosfor qədim şəhərin böyük tarixinin bütün hadisələrində iştirak etmişdir. Boğazın sahilləri boyunca üzərək görə biləcəyiniz mükəmməl şəhər mənzərəsi yaddaşınızda və Bosfor boyunca çəkilmiş şəkillərinizdə daima qalacaqdır…