1-ci gün. İstanbula uçuş.
2-ci gün. Səyahətə böyük şah-işğalçının izləri ilə qüvvətli qəhrəmanları maqnit kimi çəkən və onları böyük döyüşlərdə qarşı- qarşıya qoyan şəhərdən başlayırıq. Qədim Troya. Bu şəhər təkcə gözəl Yelena və Troyan adları ilə bağlı deyil. Troya yaxınlığında, Qranik çayında məşhur döyüş baş tutmuşdur. İsgəndərin ordusunun farslara qalib gəlməsi Makedoniya ordusu üçün Egey dənizinin sahilinə yol açdı. Səyahətimizə davam edərək, Güre şəhərciyində, Kaz dağının ətəyində olan termal bulaqlı oteldə yerləşirik. Dağın qədim adı “İda”-ya Homerin “İlliada” poemasında dəfələrcə rast gəlinir. Qədim Yunan əsatirlərində təsvir olunan çox hadisələr bu yerlə bağlıdır .Ətrafında çox sayda qədim abidələr qorunub saxlanmışdır. Otel zeytun bağları ilə əhatə olunur. Kaz dağının Milli parkının ətrafındakı unikal şam ağacları havanı təkcə təmiz yox, həmdə müalicəvi edir. Dağın ətəyində bitən dərman otları isə çox xəstəliklərin müalicəsi və profilaktikası üçün, həmçinin bitkilərin çoxu qidada ədviyyat qismində və ya kosmetik vasitələrin tərkib hissəsi kimi istifadə olunur.
3-cü gün. Biz qədim Perqam şəhərinə doğru hərəkət edəcəyik. Bütün dünyaya o, yazı üçün yeni materialın-perqamentin kəşfi ilə tanınır. Qazıntılar nəticəsində müasir Berqam şəhərində (qədim Perqamon indi belə adlanır) hal-hazırda İstanbulda saxlanılan birinci portret hermlərindən biri – İsgəndərin başı tapılmışdır. Perqamın əsas mənzərəli yerlərindən biri akropoldur.
Növbəti şəhər – İzmir və ya qədim Smirna. Egey dənizinin səfalı sahilində yerləşən gözəl şəhərin tarixi 5000 ilə bərabərdir və bütün bu müddətdə şəhər həyatını dayandırmayıb. Makedoniyalı İsgəndərin əmri ilə tikilmiş və romalılar dövründə dəfələrcə bərpa olunan və gücləndirilən Kadifekale qalası bu günə kimi XV əsrdə tikilmiş vəziyyətdə saxlanılıb. Qaladan İzmirə və onun ətrafına möhtəşəm mənzərə açılır. Böyük İsgəndərin ordusunu izlədikcə, məşhur Efesə düşürük. Bu şəhər bir çox tarixi hadisələrin şahidi olmuşdur. Qədim Efesin sakinləri Makedoniyalı İsgəndəri onları fars hakimiyyətindən xilas etmiş bir qəhrəman tək qarşıladılar.
Efes yaxınlığında, təxminə 7 km-lik ərazidə müqəddəs bulaq və müqəddəs məkan (xristianlara hücumlar zamanı Məryəm ana məhz burada İlahiyyatçı İoanın himayəsi altında yaşayıb) olan Bülbül (qədim adı – Koresos) dağı yerləşir.
Dünyanın yeddi möcüzəsindən biri olan Artemida ilahəsinin məbədi Efesə yaxın, müasir Selcuk şəhərinin yaxınlığında yerləşir. E.ə. IV əsrə aid bu möhtəşəm tikili yandırılmış, bərpa olunmuş, və yenidən yandırılaraq dağıdılmışdır. İndiki vaxtımızda qədimi bünövrənin yalnız bir sütun bərpa olunub.
Daha sonra bizi Kuşadası qəbul edəcək. Bu şəhər də farsların əsarətindən çıxıb Makedoniyalı İsgəndərin imperiyasına daxil olmuşdur. Kuşadasının səfalı sahilləri boyunca gəzinti Sizə unudulmaz zövq verəcək.
4-cü gün. Bodruma doğru getdikcə, ilk olaraq qədim Priyena şəhərinin xarabalıqlarına rast gələcəyik. Afina Palladanın Priyenadaki məbədini Makedoniyalı İsgəndər özü təqdis edib.
Daha sonra, yolumuzun üstündə çox əsirlik tarixə malik daha bir şəhər – Milet çıxacaq. Milet Makedoniyalı İsgəndərin ordusuna qarşı çıxan tək-tük egey sahili şəhərlərindən biridir. Şəhər sərkərdənin ordusu tərəfindən qismən dağıdılmış və yenidən bərpa olunmuşdur. Milet həm də “Fəlsəfənin atası” sayılan Miletli Falesin vətənidir. Astronomiya, fizika, kosmologiya və teologiya – bu, Falesin elmi fəaliyyət sahələrinin yalnız bir hissəsidir. Onun müasir elmdə təsdiqlənmiş isbatlardan, kəşflərindən və teoremlərindən biz bu gün də istifadə edirik. Milet yaxınlığında Didim (qədim Didima) şəhəri yerləşir. Qədim Elladanın hər yerindən insanlar bahalı hədiyyələr ilə Didimdə yerləşən Apollonun məbədinə, müqəddəs kahinin yanına öncəgörmələr üçün gəlirdirlər. Bu gün üçün məbəd yaxşı saxlanmış antik tikililərdən biridir.
Və bu da Bodrumun özü! İndi bura Egey dənizinin məşhur istirahət mərkəzidir. Qədimdə o, Halikarnas adını daşıyırdı. Şəhər formasına görə bir vaxtlar amfiteatrı xatırladırdı. Həmçinin o, tarixçi Heradotun vətəni kimi də tanınır. Halikarnasın şöhrətli tarixini indi az şey xatırladır. Uzun çəkən ağır mühasirənin nəticəsində yunan əsilli fars sərkərdəsi Memnon Makedoniya qoşunlarına yalnız Akropolu təslim vermədən, boş şəhəri qoyaraq geri çəkilir. Nəticədə Halikarnas viran olundu və farsların Kariya şahlığı Makedoniyalı İsgəndərin qüvvətli imperiyasının bir hissəsinə çevrildi. Böyük sərkərdə dünyanın yeddi möcüzəsindən biri olan Halikarnas məqbərəsinin şöhrətini silməyə müvəffəq olmadı. Mavzoley sözünün mənşəyi Mafsol şahın dəfn olunduğu yerdən gəlir. Möhtəşəm tikilinin təsvirinə çox tarixçilərin işlərində rast gəlinir. Təəssüf ki, XIII əsrdə baş vermiş zəlzələ qədim dünya möcüzəsinə qarşı amansız oldu. Bu gün biz mavzoleyin təkcə xarabalıqlarını görə bilərik. Sualtı arxeologiya muzeyini isə Halikarnasın yeni möcüzəsi adlandırmaq olar. Müqəddəs Pyotrun qalasında batmış qəmilərdən qaldırılmış inanılmaz tapıntılar yerləşdirilib. Maraqlıdır ki, elə gəmilərin özləri də muzeyin eksponatlarıdır.
5-ci gün. Fəthiyyəyə gedərkən, biz qeyri-adi qaya məzarlıqları ilə məşhur olan qədim Likiya şəhəri Kaunusu ziyarət edəcəyik. Daha sonra “Türk Venesiyası” adlandırılan Dalyana yola düşəcəyik və səfalı Köyçeur gölünə baş çəkəcəyik. Dalyan Avropa turistlərinin çox sevimli yeridir: antik xarabalıqlar, əlverişli iqlim, gözəl peyzaj sakit istirahəti sevənləri bura cəlb edir. Yerli çimərlik olan İstisu “karetta” dəniz tısbağalarının hər il milyonlarla yumurtalarını burada qoyması ilə məşhurdur.
Nahardan sonra həmin dəniz tısbağalarının müalicəsi ilə məşğul olan Pamukkale universitetinin klinikasını ziyarət edəcəyik. Bütün səyahətlərdən və gəzintilərdən sonra, Fəthiyyənin gözəlliyi və Ölüdeniz çimərliyi günün mükəmməl sonu olacaq.
6-cı gün. Cənnət adası Kekova yolunda Makedoniyalı İsgəndərə farsların əlindən keçmiş qədim Likiya şəhəri olan Ksantosu ziyarət edəcəyik. Bu balaca şəhər antik dövrün mənzərəli yerləri ilə doludur. Dəniz sahilində Kaleüçağız (qədimdə Teymus) qəsəbəsində nahar etdikdən sonra, biz Kekova adasının sahili boyunca dəniz gəzintisi həyata keçirəcəyik. Qismən su altına getmiş Teymuss və Kekova adasının xarabalıqları, təbiətin gözəlliyi, suyun maviliyi – bir sözlə, sizi möhtəşəm axşam gözləyir.
7-ci gün. Antalyaya biz bir vaxtlar Likiyanın paytaxtı olan qədim Mira şəhərindən gedəcəyik. Miranın yepiskopu Möcüzə Göstərən Nikolaydır. Bu gün o, dünyada Santa Klaus kimi məşhurdur. Siz Mirada müqəddəs Nikolayın kilsəsini ziyarət edə bilərsiniz. Şəhərdə qədim Likiya paytaxtının tərəqqi vaxtlarından qalma antik memarlıq tikililəri var. Qədim şəhərlə tanışlıq və çimərlikdə istirahət üçün bir vaxtlar qızılgül və zanbaq yağı ilə tanınan Faselisdə dayanacağıq. Faselisin sakinləri Makedoniyalı İsgəndəri qızıl əklillər ilə qarşılamışdır. Bizim səyahətimizin yeddinci günü Antalyada bitəcək.
8-ci gün. Afyona gedərkən, qədim dünya xəritəsində strateji yer tutan əski Dinar şəhərindən keçəcəyik. Bu şəhərdən Kserks və Makedoniyalı İsgəndərin yolları keçmişdir. Günümüzdə bu şəhər hər bir türk arasında məhz Dinarda ərsəyə gəlmiş çoxsaylı xalq mahnıları sayəsində tanınır. Afyonun özü Xett şahlığı dövründən mövcuddur. Afyon Makedoniyalı İsgəndərin fəthi ilə yanaşı çox hadisə yaşayıb. Afyonda biz soltan xəzinəsi kimi istifadə olunan Səlcuq qalasını ziyarət edəcəyik. Qalanın tarixi yerləşdiyi şəhərin tarixinə bənzəyir: hər ikisinin təməli Xettlər tərəfindən qoyulmuş və tikintisi sonrakı işğalçılar tərəfindən başa çatdırılmışdır. XIII əsrdə inşa edilmiş Afyonun qədim məscidi olan Ulu Camini ziyarət etmək vacibdir. Bu günümüzdə şəhər termal bulaqları ilə məşhurdur. Qədim adı Qardion olan Polatlı adlı yer də maraqlı məkanlar siyahısındadır. Qədim Frigiyanın keçmiş paytaxtından bizə qədim çınqıl mozaikalarının fraqmentləri qalmışdır. Qardionda arxeoloji tapıntıların çoxu qədim skif dövrünə aiddir.
9-cu gün. Səyahətimizin yekun günüdür. Yolumuz Eskişehir şəhərindən İstanbula qayıdan yoldur. Eskişehir özünəməxsus mədəniyyəti ilə digər türk şəhərlərindən seçilir. Əgər türkdən bu şəhər haqqında soruşsaq, o, dərhal Nəsrəddin Hocanın oralı olduğunu deyər. Böyük İsgəndər haqqında danışdıqca, onun dağıdıcı yox, yaradıcı tarixi şəxsiyyət olduğunu qeyd etmək yerinə düşər. İsgəndər biliyi artırır, kitabxanalar yaradır və şəhərlər qururdu. Küçələrinə ayaq basdığı hər bir kiçik şəhər onun sayəsində tarixdə əbədi olaraq qalacaqdır.